Cəmiyyət / Sosial
4
Dünən, 20:22

"Nazirliyə rüşvət vermədən metodik kabinetlərdə işə düzəlmək mümkün deyil..." - İNDİ DƏ VERİLƏN RÜŞVƏT BATIR...

"Nazirliyə rüşvət vermədən metodik kabinetlərdə işə düzəlmək mümkün deyil..." - İNDİ DƏ VERİLƏN RÜŞVƏT BATIR...

Naxçıvanda metodik kabinetlərin bağlanması haqqında qərar burada işləmək üçün rüşvət verib vəzifəyə gələnlərin pulunu batırıb. Yeni qərara görə, yerli Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu qurumlar gələn tədris ilindən bağlanacaq.
Bu qərardan ən çox narazı olanlar son illərdə, xüsusilə təhsil naziri Elxan Nəcəfovun dövründə rüşvət verərək həmin vəzifələrə təyin olunan şəxslərdir. Bu şəxslərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, nazirlik onları sakitləşdirmək üçün başqa vəzifələr təklif edir.
Onlar bildirirlər ki, yenidən rüşvət vermək müqabilində məktəb direktoru və ya məktəblərdə digər vəzifələr vəd olunur.
Metodik kabinetlərdən birinin müdiri B. Məmmədov deyir ki, gələn ildən məktəb direktoru vəzifəsinə təyin olunmaq üçün ondan əlavə 20 min manat tələb olunur:
“Hamı bilir ki, nazirliyə rüşvət vermədən metodik kabinetlərdə işə düzəlmək mümkün deyil. Elxan Nəcəfov iki ilə yaxındır nazir təyin olunub və bu müddət ərzində onlarla şəxsdən pul alaraq onları bu vəzifələrə təyin edib. Onlardan biri də mənəm. Bir neçə ay əvvəl 20 min manat verib bu vəzifəyə gəlmişəm.
İndi isə narazı səsimizi kəsmək üçün bizə direktor və başqa vəzifələr təklif edirlər. Lakin yenə rüşvət qarşılığında. Məndən məktəb direktoru olmaq üçün əlavə 20 min manat istəyirlər. Mən isə pulumu geri tələb edirəm, onların vəzifəsinə ehtiyacım yoxdur. Çünki artıq etibar etmirəm. Bu dəfə də pulumu alıb, bir müddət sonra vəzifədən çıxara bilərlər.”
Adının çəkilməsini istəməyən, hazırda metodist-inspektor vəzifəsində çalışan başqa bir əməkdaş isə bildirir ki, pulunu geri ala bilməsə hüquq-mühafizə orqanlarına müraciət edəcək:
“Bu vəzifə üçün təxminən bir il əvvəl 10 min manat rüşvət vermişəm. O vaxt bizə deyirdilər ki, ən azı 5-6 il vəzifədə qalacaqsınız, buna Elxan müəllim cavabdehdir.
İndi isə deyirlər ki, bu kabinetlər bağlanır, əlavə 15 min manat ver, məktəblərin birində başqa vəzifə verək. Mən bununla razı deyiləm. Ya pulumu geri qaytarsınlar, ya da yeni vəzifəyə görə pul almasınlar. Əks halda prokurorluğa şikayət edəcəyəm.”
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər