Cəmiyyət / Sosial
3
Bu gün, 12:26

Həbsi anons edilən başçı DAHA BİR HƏRBÇİMİZİN MÜLKÜNÜ DAĞIDIB - Prezidentə MÜRACİƏT OLUNDU

Dünən məlumat verərək bildirdik ki, Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Bəhruz Alışovun əmlakını dağıtması faktı artıq Baş prokurlruq tərəfindən nəzarətə götürülüb və hətta iddia olunur ki, bu fakt üzrə hüquqi araşdırma aparılacağı təqdirdə, icra başçısı Elxan Allahverdiyevin həbsi belə mümkündür.
"DİA-AZ" xəbər verir ki, bununla bağlı mətbuata danışan Bəhruz Alışov deyib ki, Baş Prokuror onunla görüşdə məsələdən xəbərdar olduğunu deyib: “Ancaq buna baxmayaraq, hər şeyi öz dilimdən eşitmək istədiyini dedi. Kamran Əliyev məni diqqətlə dinlədi. Bildirdi ki, prosesi şəxsi nəzarətinə götürür. Mən də ona təşəkkür edirəm və nəticəni gözləyirəm. İnanıram ki, icra hakimiyyətinin bu qanunsuzluğuna qarşı hüquqi ölçü götürüləcək. Mənim pozulan hüquqlarım bərpa olunmaqla yanaşı, bu işə göstəriş verənlər, icra edənlər cinayət məsuliyyətinə cəlb olunacaq”.

Binəqədinin icra başçısı Elxan Allahverdiyevin bu özbaşınalığının ölkədə böyük rezonansa səbəb olması və bu səbəblə Baş Prokuror Kamran Əliyevin zərərçəkən şəxsən dinləməsi vətəndaşın mülkiyyət hüququna edilən qəsdin araşdırılacağına inam yaradır. Son illər dövlət başçısının icra başçılarına və başqa məmurlara güzəştsiz münasibəti imkan verəcək ki, Elxan Allahverdiyev həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda risklərə həsr edən bir ordu zabitinə qarşı etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunsun.

"DİA-AZ"ın əldə etdiyi məlumatlardan aydın olur ki, bu fakt sən demə, yeganə hal deyil ki, Elxan Allahverdiyev döyüşçülərimizin əmlakını yerlə-yeksan edir. Belə ki, redaksiyamız müraciət edən polkovnik-leytenant Alışov Bəhruz Ağabəy oğlu da eyni qaydada başçının zülmündən gileylənir. Onun ölkə rəhbərliyinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

"Mən, polkovnik-leytenant Alışov Bəhruz Ağabəy oğlu, Silahlı Qüvvələr veteranı, Müharibə veteranı, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı olaraq bildirirəm ki, mənim mülkiyyətimdə olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış evimlə bağlı hüquqlarım dəfələrlə pozulmuşdur.

Mənim əlimdə həmin torpaq sahəsinə dair çıxarış (kupça) olduğu halda, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan mülkiyyətimə müdaxilə edilmiş və evim texnika, o cümlədən traktor vasitəsilə sökülərək dağıdılmışdır.

Evimin söküntüsü ilk dəfə 2024-cü ilin sentyabr ayında həyata keçirilib. Bundan sonra müxtəlif tarixlərdə daha iki dəfə müdaxilə edilərək evim sökülüb və nəticədə ümumilikdə üç dəfə söküntü həyata keçirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə mülkiyyət hüququ qorunur. Buna baxmayaraq, mənim mülkiyyət hüququmu təsdiq edən çıxarış mövcud olduğu halda və hər hansı məhkəmə qərarı təqdim edilmədən evim sökülüb.

Söküntülərlə bağlı foto və video sübutlar, həmçinin aidiyyəti dövlət qurumlarının söküntünün həyata keçirildiyini təsdiq edən rəsmi yazılı sənədləri məndə mövcuddur. Həmin sənədlərdə söküntünün həyata keçirilməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır.

Xüsusilə Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevin bu hadisələrdə rolunun araşdırılmasını xahiş edirəm. Söküntünün kimin göstərişi ilə həyata keçirildiyi, hansı hüquqi əsasla aparıldığı və konkret vəzifəli şəxslərin bu prosesdə iştirakının olub-olmaması müəyyən edilməlidir.

Əlavə olaraq bildirirəm ki, hətta fərz etsək ki, həmin tikinti qanunsuz tikinti hesab olunur, bu belə heç bir dövlət orqanına qanunla müəyyən edilmiş prosedurları pozaraq özbaşına söküntü həyata keçirmək hüququ vermir.

Bu baxımdan, Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevdən və digər aidiyyəti vəzifəli şəxslərdən soruşuram: əgər tikilinin qanunsuz olduğunu hesab edirdinizsə, hansı qanunun və hansı səlahiyyətin əsasında, heç bir məhkəmə qərarı olmadan mənim tikilimi texnika ilə söküb dağıtmısınız?

Tikilinin qanunsuz olması barədə iddia varsa, həmin məsələ qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli orqan tərəfindən araşdırılmalı, mübahisəli məsələ isə qanuni prosedur çərçivəsində həll edilməlidir. Məhkəmə qərarı olmadan mülkiyyətə müdaxilə edilməsinin və tikilinin sökülməsinin hüquqi əsası ayrıca göstərilməlidir.

Eyni zamanda, Binəqədi Rayon İcra Hakimiyyətinin və şəhərsalma sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların konkret olaraq hansı hüquqi əsasla söküntü həyata keçirmək səlahiyyətinə malik olduğu araşdırılmalıdır. Söküntünü həyata keçirən şəxslərin və texnikanın kim tərəfindən cəlb edildiyi, göstərişin kim tərəfindən verildiyi və bunun hansı normativ hüquqi aktla əsaslandırıldığı müəyyən edilməlidir.

Mən öz hüquqlarımı qorumaq məqsədilə müxtəlif dövlət orqanlarına və məhkəmələrə müraciət etmişəm. Məsələ ilə bağlı əlimdə olan çıxarış, foto-video materiallar, rəsmi yazışmalar və digər sübutlar mövcuddur.

Xahiş edirəm:

1. Mənim mülkiyyətimə məhkəmə qərarı olmadan müdaxilə edilməsinin və evimin üç dəfə sökülməsinin qanuniliyi hərtərəfli araşdırılsın;
2. Söküntünün hansı hüquqi əsasla və hansı səlahiyyətli orqanın göstərişi ilə həyata keçirildiyi müəyyən edilsin;
3. Söküntünü həyata keçirən və buna göstəriş verən vəzifəli şəxslər müəyyən edilərək onların hərəkətlərinə hüquqi qiymət verilsin;
4. Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini Hacıbaba Babayevin bu hadisələrdə rolu ayrıca araşdırılsın;
5. Əlimdə olan çıxarış, foto-video materiallar və rəsmi yazışmalar sübut kimi araşdırılsın;
6. Mülkiyyət hüququmun pozulmasına hüquqi qiymət verilsin və pozulmuş hüquqlarımın bərpası üçün qanunvericiliyə uyğun tədbirlər görülsün;
7. Mənə dəymiş maddi və mənəvi zərərin qanunvericiliyə uyğun qaydada müəyyən edilərək ödənilməsi məsələsinə baxılsın;
8. Araşdırmanın nəticəsi və söküntünün hüquqi əsası barədə mənə yazılı və əsaslandırılmış cavab verilsin..."
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər