Səki zəbti, zədələnən arxitektura və Yasamal İcra Hakimiyyətinin “lal-kar” taktikası
Faktum.az: Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 136 ünvanında yerləşən ikibloklu yaşayış binasının sakinləri açıq-aşkar özbaşına tikinti faktı ilə üz-üzə qalıblar. Binanın birinci blokunun birinci mərtəbəsində şəhərsalma normaları və qanunvericiliyin tələbləri kənara qoyularaq irimiqyaslı qanunsuz artırma işləri başa çatdırılıb. Ərazidən çəkilən görüntülər də təsdiq edir ki, tikinti zamanı binanın ümumi memarlıq görünüşünə və konstruksiyasına ciddi müdaxilə olunub. Ən diqqətçəkən məqam isə obyektin birbaşa piyada səkisini zəbt etməsidir. Bu hal ərazidən keçən sakinlərin, məktəblilərin və yaşlıların təhlükəsiz hərəkətini məhdudlaşdırır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, müvafiq icazə sənədləri olmadan, arxitektura layihəsindən kənara çıxılaraq inşa edilən və istismara icazə aktı mövcud olmayan hər bir tikinti qanunsuz hesab edilir. Lakin paytaxtın işlək küçələrindən birində səkinin tutulması və binanın görünüşünün dəyişdirilməsi Yasamal Rayon İcra Hakimiyyətinin nəzarətindən kənarda qalıb.
Faktum.az olaraq məsələni diqqətdə saxlayaraq, hələ sentyabrın 8-də Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət ünvanlamışdıq. Sorğuda tikintinin hüquqi əsasları, icazə sənədlərinin mövcudluğu və söküntü tədbirləri ilə bağlı suallar yer alırdı. Ancaq aradan keçən müddət ərzində İcra Hakimiyyətindən heç bir cavab daxil olmayıb.
Hesab edirik ki, bu durum yalnız səkinin zəbt olunması deyil, eyni zamanda şəhərsalma qaydalarının pozulmasıdır. Aidiyyəti qurumların bu məsələyə səssiz qalması cavabsız suallar doğurur və mövcud qanunsuz artırmanın sökülərək ərazinin ilkin vəziyyətinə qaytarılmasını zəruri edir.