ABŞ-nin dizel yanacağının ixracına mümkün qadağası Avropada qiymətlərin kəskin artmasına və rekord səviyyəyə yüksəlməsinə səbəb ola bilər.
Britaniyanın “Argus Media” analitik şirkətinin Avropa üzrə qiymətqoyma şöbəsinin rəhbəri Benedikt Corc bildirib ki, ABŞ-nin dizel ixracını məhdudlaşdırması Avropa bazarında qiymətləri görünməmiş həddə çatdıra bilər.
Onun sözlərinə görə, son aylarda Avropaya idxal olunan dizel yanacağının təxminən yarısı ABŞ-nin payına düşür.
Ekspert vurğulayıb ki, hələlik heç bir məhdudiyyət tətbiq edilməyib və Vaşinqtonun belə bir qərar qəbul edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Avropalı neft treyderlərinin əksəriyyəti isə ABŞ-ın bu addımı atacağına şübhə ilə yanaşır. Onların fikrincə, ixrac qadağası Amerika neft şirkətləri üçün də ciddi problemlər yarada bilər.
Benedikt Corc hesab edir ki, məhdudiyyətlər tətbiq olunarsa, onların müddəti iki-üç aydan çox olmayacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə administrasiyasının dizel yanacağının ixracına qadağa qoyulması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.
Bakunews.tv