Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi “Azəriqaz” İstehsalat Birliyinə xəbərdarlıq edib.
Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin vətəndaş Daşqın Abbasova ünvanladığı rəsmi məktubda bildirilib.
Məktubda qeyd olunub ki, vətəndaşın “Azəriqaz” İstehsalat Birliyində əmək hüquqlarının pozulması ilə bağlı 14 avqust 2026-cı il tarixli müraciətinə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, vətəndaşla “Azəriqaz” İstehsalat Birliyi arasında 6 oktyabr 2021-ci il tarixində bağlanmış əmək müqaviləsi qüvvədə olub.
Müraciətdə göstərilən halların araşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyinə müvafiq məktubla müraciət edilib və vətəndaşa aid sənədlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun təqdim olunması tələb edilib.
Rəsmi məktubda bildirilib ki, müəssisə tərəfindən tələb olunan sənədlərin təqdim edilməməsi, yaxud tam, düzgün və vaxtında təqdim olunmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi vətəndaşa ünvanladığı cavabda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sənədlərin təqdim edilməməsi ilə bağlı inzibati xəta tərkibinin yarandığını və qurum barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanıldığını bildirib.
Məktubda həmçinin qeyd olunub ki, işin nəticəsi barədə vətəndaşa əlavə məlumat veriləcək.
Qeyd edək ki, vətəndaş müraciətdə göstərilən məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.
Bakunews.tv