“Al Market”də çalışdığını bildirən əməkdaş iş şəraiti, ağır fiziki əmək, uzun iş saatları, əməkhaqqından tutulmalar və rəhbərliyin işçilərlə münasibəti ilə bağlı redaksiyaya şikayət edib. Müəssisədə işçi sayının az olduğunu deyən şikayətçi əlavə işlərin də əməkdaşların üzərinə düşdüyünü bildirib.
Bakunews.tv xəbər verir ki, 247press.media-nın məlumatına görə, müraciət edən şəxs hazırda mağazada müavin vəzifəsində çalışır.
Əməkdaşın sözlərinə görə, mağazada üç qadın işçi və bir kişi müdir fəaliyyət göstərir. İşçi sayının azlığı səbəbindən yükdaşıma və anbar işlərinin böyük hissəsi də mövcud heyətin üzərinə düşür.
Şikayətçi iddia edib ki, mağazaya mallar gətirilərkən ağır yüklərin boşaldılması və daşınması da əməkdaşlar tərəfindən həyata keçirilir.
“50 kiloqramlıq şəkər kisəsini dəfələrlə tək qaldırmışam”, – deyə əməkdaş bildirib.
Onun sözlərinə görə, sayım və inventar günlərində işçilər səhər saat 07:00-dan gecə 22:00-dək işdə qalmalı olurlar. Şikayətçi həmin günlərdə əlavə iş saatlarına görə ayrıca ödəniş edilmədiyini, bəzi hallarda isə əməkhaqqının daha az hesablandığını iddia edib.
Əməkdaş mağazanın satış zalında su içməyin də qadağan edildiyini bildirib. Onun iddiasına görə, bu qaydanın pozulmasına görə işçilərə cərimə tətbiq olunur.
Şikayətdə hər ay əməkhaqlarından müxtəlif məbləğlərdə tutulmaların edildiyi də qeyd olunub. Əməkdaş əlavə işlərə və uzun iş saatlarına baxmayaraq, bunun maaşlarında müsbət əksini görmədiklərini söyləyib.
Müraciət edən şəxs rəhbərliyin işçilərlə davranışından da narazılığını ifadə edib. Onun sözlərinə görə, əməkdaşlarla kobud rəftar edilir və onlara qarşı təhqiramiz ifadələr işlədilməsi halları baş verir.
Şikayətçi həmçinin işdən ayrılmaq istəyən əməkdaşlardan bu barədə bir ay əvvəl məlumat vermələrinin tələb olunduğunu deyib. Onun iddiasına əsasən, həmin müddət gözlənilmədikdə işdən çıxış prosesində çətinliklər yaranır.
Əməkdaş böyük şirkətdə işləməsinə baxmayaraq, işçilərin əməyinə lazımi səviyyədə dəyər verilmədiyini düşündüyünü bildirib.
Qeyd edək ki, səsləndirilən fikirlər şikayətçinin iddialarıdır. Məsələ ilə bağlı “Al Market”in və şirkət rəhbərliyinin mövqeyi məlum deyil.
///247press.media