Yaxın Şərqdə hərbi gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti kəskin bahalaşıb.
“AzPolitika” xəbər verir ki, “Brent” markalı neftin qiyməti martın 9-da Asiya birjalarında ticarətin açılışında sürətlə artaraq bir ara 119,5 dollar səviyyəsinə çatıb. Bu göstərici 2022-ci ilin iyunundan bəri ən yüksək qiymət hesab olunur.
London birjasının məlumatına görə, “Brent” markalı neft üzrə may fyuçerslərinin qiyməti bir müddət ərzində təxminən 29% artıb. Sonradan artım tempi zəifləyib.
Səhər saatlarında Bakı vaxtı ilə qiymət 116 dollar səviyyəsində olub. Daha sonra bazarın sabitləşdirilməsi ilə bağlı mümkün tədbirlər barədə məlumatlar yayıldıqdan sonra qiymət təxminən 107 dollara qədər geriləyib.
Analitiklər qiymət artımını əsasən Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqələndirirlər. ABŞ və İsrail tərəfindən İran əleyhinə hərbi əməliyyatdan və Tehranın bölgədəki ABŞ bazalarına cavab zərbələrindən sonra regionda gərginlik daha da artıb.
Məlumata görə, münaqişə fonunda faktiki olaraq Hörmüz boğazı bağlanıb. Bu marşrut vasitəsilə dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi daşınır.
Bu arada “Financial Times” qəzeti yazır ki, Böyük Yeddilik (G7) ölkələri bazarı sabitləşdirmək üçün Beynəlxalq Enerji Agentliyi (IEA) ilə birlikdə strateji neft ehtiyatlarının təcili şəkildə bazara buraxılması məsələsini müzakirə edəcək. Mənbələrin sözlərinə görə, söhbət 300–400 milyon barel neftdən gedə bilər.
Qeyd olunur ki, belə ehtiyatlar 1974-cü ildə baş verən ərəb neft embarqosundan sonra yaradılıb. Həmin dövrdə neftin qiymətinin kəskin artması və Qərb ölkələrində ciddi yanacaq çatışmazlığı yaşanmışdı. Strateji ehtiyatlar iri neft istehlakçısı ölkələrə enerji bazarındakı ciddi sarsıntılara operativ reaksiya verməyə imkan yaradır.
IEA sonuncu dəfə 2022-ci ildə, Rusiyanın Ukraynaya hücumu zamanı neft qiymətlərinin sürətlə artmasının qarşısını almaq üçün strateji ehtiyatlardan istifadə etmişdi.
ABŞ prezidenti Donald Tramp isə neft qiymətlərinin artımını şərh edərkən bildirib ki, bu, “ABŞ və bütün dünya üçün təhlükəsizlik və sülh naminə çox kiçik bir qiymətdir”. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı təhlükə aradan qalxandan sonra qiymətlər sürətlə aşağı düşəcək.
Durumu şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban xatırladıb ki, “Brent” markalı neftin 1 bareli bu gün Bakı vaxtı ilə saat 06:30-da elektron hərraclarda 119,5 dollara satılıb. Bu, may ayında təhvil verilən fyuçers müqaviləsi üzrə qiymətdir. Hazırda neft qiymətləri 107 dollardan aşağı səviyyəyə düşüb. Yəni qısa müddətdə baş verən emosional qiymət dəyişkənliyi göz qabağındadır.
Niyə neft yeni iş həftəsini bu cür emosional qiymət artımı ilə başladı? İqtisadçı bildirir ki, bunun əsas səbəbi Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveytin neft hasilatını şənbə günündən başlayaraq azaltmaları ilə bağlı xəbərlər olub.
“Müharibənin ilk həftəsində bu baş verməmişdi, çünki hasil edilən neft ehtiyat çənlərində toplanırdı. Onlar dolduqca ixrac imkanlarının daralması ucbatından hasilatın azaldılması məntiqlidir”, – o qeyd edib.
Bəs qiymətlər dünya bazarında necə dəyişə bilər? Daha da bahalaşmaq ehtimalı necə dəyərləndirilir?
İ.Şaban vurğulayır ki, artıq bu həftə bir sıra iri neft idxalçıları özlərinin strateji neft ehtiyatlarından istifadə etməyi gündəmə gətirə bilərlər: “Yəni bahalı nefti almamaq üçün. O zaman təbii ki, belə hal özünü qiymətlərdə də əks etdirəcək və neftin yuxarı hərəkətinin qarşısını alan mane kimi çıxış edəcək”.
Dünyada strateji neft ehtiyatları barədə məlumatları bölüşən iqtisadçı vurğulayır ki, ən böyük “neft ehtiyatı yastığı” Yaponiyaya məxsusdur – 254 gün idxalsız keçinə bilər. Onun sözlərinə görə, Çinin topladığı neft ehtiyatları əslində açıqlanmır, sirr kimi saxlanılır. Bununla belə ehtimal olunur ki, bu ehtiyatlar təxminən 200 günə bəs edə bilər. ABŞ kimi ölkənin isə 400 milyon bareldən çox strateji neft ehtiyatı mövcuddur.
Azərbaycana gəldikdə isə İlham Şaban bildirir ki, biz neft satan ölkəyik və neft ehtiyatı anbarlarımız – Səngəçal və Böyükşor gölü ətrafında SOCAR-ın rezervuarları mövcuddur.
“Rəsmi olaraq açıqlanmır ki, bu ehtiyatlar nə zamana çatar və ya nə qədər ehtiyat toplamaq mümkündür. İkincisi, Azərbaycan jurnalistlərinin “neft qiymətlərinin artımı ölkə iqtisadiyyatına nə verəcək” sualına cavab olaraq bildirmək istərdim ki, birmənalı şəkildə gəlir artır. Çünki baha satmaq şansı yaranır. Amma bu stabil olmadığından, situativ hal olduğundan nə qazancı dəqiq müəyyənləşdirmək mümkündür, nə də rifahı. Çünki neft şirkətləri də büdcəyə vergini rüblük şəkildə ödəyirlər. Hardasa aprelin ortasında Maliyyə Nazirliyinin əlində tam real məlumatlar olacaq ki, neft-qaz sektorundan proqnoz göstəricisindən nə qədər çox və ya az vəsait büdcəyə daxil olub”, – deyə o bildirib.
İqtisadçı qeyd edir ki, bizdə problem ondan ibarətdir ki, ildə təxminən iki dəfə Azərbaycan neftinin orta ixrac qiyməti açıqlanır: ilin ortasında Neft Fondu illik hesabat zamanı ötən ilin göstəricisini, bir də gələn ilin büdcəsi tərtib olunarkən cari ilin 9 ayının yekununa əsasən olan qiymətlər göstərilir.
“Bəs rəqəmsallaşdırmanın, süni zəkanın bu qədər inkişaf etdiyi bir dövrdə niyə bunu hökumətimiz hər ay açıqlamır? Yəqin ki, bunu hökumətdən başqa kimsə doğru-dürüst cavablandıra bilməz. Ona görə də “nə qazandıq və ya nə qazanacağıq” suallarını mənə ünvanlamayın”, – İ.Şaban yekunlaşdırıb.
Bakunews.tv