Səhiyyə
2
Dünən, 12:52

Cərrah Rəşad Məmmədovun pasiyentləri şikayət edir: Əməliyyatları səhv edib…

Üç nəfər qadın eyni həkimdən şikayətçidir. Onlardan biri Bakı sakini Şəlalə Məmmədovadır.
Dediyinə görə, o, 2 il əvvəl burun çəpəri əyriliyi üçün əməliyyat olunub. Lakin əməliyyatdan çıxdıqdan sonra isə burnu düzəlmək əvəzinə, daha da əyilib.

Bakunews.tv-nin məlumatına görə, Şəlalə Məmmədova həkim səhvinin qurbanı olduğunu iddia edir.

“Burnumda əyrilik var idi, nəfəs ala bilmirdim. Bununla bağlı həkim axtarırdım ki, münasib qiymətə əməliyyat olunum. Rəşad Məmmədovun səhifəsi çıxdı qabağıma. 1050 manata endirimə düşmüşdü. Getdim, analizləri verdim, ödənişlərimi etdim və əməliyyata girdim. 10 gün sonra burnum açılanda dedim ki, burnum əyridir”.

Şəlalə Əhmədova deyir ki, uzun müddət israr etdikdən sonra nəhayət həkim onu ikinci dəfə başqa bir klinikada əməliyyat edib, lakin bu dəfə də onun burnundakı əyrilik düzəlməyib: “İkinci əməliyyatdan sonra da burnum əyri qaldı. Yaydan indiyə qədər yazıram. Deyirlər, bizim səhvimiz deyil, olan şeydir, düzələcək. İndi ümumiyyətlə telefonlarıma baxmırlar”.

Eyni həkimdən eyni problemlə şikayət edən digər vətandaş isə Rufanə Cəbrayılovadır. O da deyir ki, burnundakı əyriliyi düzəltmək üçün əməliyyata girib, amma nəticə daha betər olub: “Mənim burnumda sola tərəf əyilmələr var. Burnumun ucu çox şiş və ətdir. Yazıram, lakin telefonlara cavab vermirlər, günlər, həftələr sonra baxırlar. Düzələcək deyirlər -dərman yazırdılar, masaj et deyirdilər. Heç bir xeyri yoxdur. İkinci dəfə əməliyyat olunmalıyam. Sadəcə, Rəşad həkimə əməliyyat etdirmək istəmirəm. Ödənişimin geri qaytarılmasını tələb edirəm”.

Daha bir şikayətçi xanım isə Xəyalə Xəlilovadır. O da eyni həkimin səhvinin qurbanı olduğunu iddia edir: “Əməliyyatdan sonra gördüm ki, burnum əyridir, burun deşiklərində də fərq var. Bir müddət sonra üzərində şiş əmələ gəldi. Həkimə göstərdim, əli ilə möhkəm basdı, az qala burnum qırılacaqdı. Dedi, get, masaj elə. O qədər masaj etmişəm ki, burnumun üzərində ləkə əmələ gəlib”.

Həkim Xəyalə Xəlilovaya da onu yenidən əməliyyat edəcəyini söz verib, amma hazırda o da həkimlə əlaqə saxlaya bilmir. Biz də iddialarla bağlı həkimlə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavablandırılmadı. Hazırda Rəşad Məmmədovun hansı xəstəxana çalışdığına dair məlumat yoxdur. Şikayətçilər isə bundan sonra məsələnin hüquqi yolla həlli üçün aidiyyəti qurumlara müraciət edəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Son xəbərlər