Ölkənin ümumtəhsil sistemində 2 mühüm fənnin birləşdirilərək, bir fənn kimi tədrisinə hazırlıq gedir. Özü də səssiz-səmirsiz. Bu inteqrasiya prosesi “Mədəniyyət -2040” konsepsiyasına uyğun olaraq icra edilir. Ədəbiyyat və tarix fənnləri bazasında yeni fənn – mədəniyyət fənni tədris ediləcəkdir. Ancaq Elm və Təhsil Nazirliyi ictimaiyyətə hələ də bir məlumat verməyib.
Bizimesr.az xəbər verir ki, bu fikirlərlə dosent, ali təhsil üzrə ekspert İlham Əhmədov çıxış edib. O bildirib ki, bu addım hansısa elmi araşdırmalara əsaslanır, məlum deyil: “Bunun nə faydası olacaqdır? Bu ideyanın hər hansı ictimai müzakirələri olubmu?
Konsepsiya 1 aydır təsdiq edilib, amma ETN menecerləri hələ də ictimaiyyətə bu haqda hər hansı bir açıqlama verməyiblər. Çox təəssüf ki, belə bir ciddi işi ETN yenə də səthi düşünərək, plansız, elmsiz, geniş müzakirələr aparmadan icra etmək istəyir. Bu tələsik və elmi əsaslanması olmayan addım ciddi fəsadlara səbəb olacaqdır.
Sonra da deyirlər təhsilimiz tərsinə qurulub. Təbii ki, elmə və hərtərəfli təhlillərə əsaslanmayan, yarımçıq ideyalar və tərs düşüncə əsasında aparılan təhsil islahatlarının sonu belə olmalıdır.
ETN-nin bu prosesə ciddi hazırlaşmadan, mükəmməl layihələndirmədən, səriştəsiz, tələsik və müzakirələrsiz qərarı, bunun təcili icrası göstərir ki, bu addım təhsilə vurulacaq növbəti ciddi zərbə olacaqdır.
Bu yeni fənni tədris edən müəllimlərimiz yoxdur. Bu fənni hansı fənn müəllimləri aparacaqdır?”.
Dosent bildieib ki, ölkədə müəllimlərin təkmilləşdirmə və ixtisasartırma sistemi məhv edilib: “Bu fənnin proqramı və dərsliyini kimlər yazacaq? 30 ilə ənənəvi fənnlər üzrə normal dərsliklər yazdıra bilməyən ETN indi yeni fənn üzrə dərslikləri necə yazdıracaqdır?
Ümumiyyətlə, bu inteqrativ fənnə ehtiyac vardımı? Əgər bizi mədəniyyət çox maraqlandırırsa, onda bunu ayrıca fənn kimi daxil etmək olmazdımı, niyə 2 mühüm fənni buna qurban vermək lazımdır?”.
Bakunews.tv