Cəmiyyət
284
25-11-2023, 15:27

Səhiyyə Nazirliyinin tenderində müəmma - Ləğv olundu, qiyməti 168 min azaldı

Bakıda fəaliyyət göstərən 4 nömrəli Uşaq Vərəm Sanatoriyası ilə bağlı müəmmalı olaylar baş verir.

bakunews.tv qaynarinfo-ya istinadən xatırladır ki, sanatoriyanın sökülməsi və onun yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikilməsi nəzərdə tutulur.

Bir müddət əvvəl Səhiyyə Nazirliyi Birləşmiş Şəhər Xəstəxanasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Həmin tenderin qalibi BİMD Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

Təklifin qiyməti 295 800 AZN olub. Yəni, şirkət layihə-smeta sənədlərinin bu qiymətə hazırlayacağını bildirib, nazirlik də təklifi qəbul edib.

Noyabrın 20-də dövlət satınalmalarının vahid elektorn portalına bununla bağlı daha bir məlumat yerləşdirilib. Məlum olur ki, Birləşmiş Şəhər Xəstəxanasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını "Hinal Proje” MMC həyata keçirəcək. Bu şirkətin təklifinin qiyməti isə 127 440 AZN-dir.

Beləliklə, aydın olur ki, layihə-smeta sənədlərinin hazırlanmasının qiyməti 295 800 AZN-dən 127 440 AZN-ə düşüb (fərq 168 360 manat). Bu halda baha qiymət təklif edən BİMD MMC-nin qalib seçilməsi anlaşılmır.

Yeri gəlmişkən, BİMD MMC-nin qalib seçildiyi tender barədə Qaynarinfo-da məlumat gedib. Həmin məlumatda layihə-smeta sənədlərinin baha qiymətə hazırlanması xüsusi qabardılıb.

Görünür, bu, müəyyən dairələrin də diqqətini də çəkib və bundan sonra tenderin ləğv edilməsi və yenidən müsabiqə keçirilməsi qərara alınıb.

Seyid
Son xəbərlər