"Bu gün SOCAR əməkdaşlarına SMS vasitəsilə növbəti sorğu göndərdi. Sorğu müxtəlif istiqamətlər üzrə suallardan ibarətdir, sonda isə ümumi qiymətləndirmə və əlavə rəy üçün ayrıca bölmə var. Sorğunun anonim olduğu xüsusi vurğulanır.Fikrimi həmin bölmədə yazdım, amma onu açıq da bölüşməyi doğru hesab edirəm..."
"DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun işçisi Anar Bədəlov qeyd edib.
O daha sonra özünün sosial şəbəkə hesabında belə yazır: "Prinsip etibarilə anonimliyə qarşıyam. Öz işinə və fəaliyyətinə güvənən əməkdaşın rəyini gizlətməsi üçün səbəb olmamalıdır. Sağlam idarəetmə mühitində insan fikrini açıq ifadə edə bilməlidir.
Məni daha çox düşündürən isə başqa məsələdir: belə sorğular əvvəllər də dəfələrlə keçirilib və nəticələr aidiyyəti qurumlara müəyyən mənzərə təqdim edib. Əsas sual budur: bu nəticələr nəyi dəyişib?
Əməkdaşların illərdir səsləndirdiyi problemlər, yəni idarəetmədə obyektivlik, şəffaflıq və ədalət məsələləri praktikada həllini tapmırsa, ən mükəmməl sorğunun da real əhəmiyyəti azalır.
Şəxsi münasibətlərin, tanışlığın və maddi maraqların obyektiv meyarlardan üstün olması təsəvvürü aradan qaldırılmalıdır. Belə təsəvvürlər nə sağlam korporativ mədəniyyətə, nə də şirkətin gələcək inkişafına xidmət edir.
Bununla belə, dəyişiklik imkanına inamımı itirməmişəm. İnanıram ki, SOCAR peşəkarlığın və nəticənin əsas meyar olduğu, müasir beynəlxalq şirkətlərlə müqayisə oluna bilən idarəetmə modelinə doğru inkişaf edə bilər.
Yalnız cavabını gözləyən əsas sual qalır:
Bu dəyişiklik nə vaxt baş verəcək?
Bəlkə də məsələnin mahiyyəti “dəyişiklik olacaqmı?” sualında deyil, onun üçün nə qədər zaman lazım olacağındadır..."
Bakunews.tv