Cəmiyyət
7
Dünən, 17:08

“Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"

Bakının Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən fərdi yaşayış evinin söküntüsü zamanı tikinti şirkəti ilə mülkiyyətçi arasında kompensasiya məbləğinə görə ciddi qarşıdurma və gərginlik yaranıb.
Real TV xəbər verir ki, münaqişənin səbəbi həmin ünvanda yerləşən Rzayevlər ailəsinin evidir.

Sözügedən sahə illər əvvəl söküləcək ərazi planına düşüb. Daha sonra “Lux Residence” şirkəti burada yaşayan sakinlərlə razılığa gələrək onların evlərini alıb, bir ailədən başqa. Rzayevlər ailəsi ilə şirkət arasında artıq 5 ildən çoxdur danışıqlar gedir. Tərəflər məhz qiymət məsələsində razılığa gələ bilmirlər. Bu illər ərzində məsələ məhkəməyə qədər gedib çıxıb. Evin və ərazidəki tikililərin dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza aparılıb. Nəticədə, evin sökülməsi qarşılığında 475 min 200 manat kompensasiya məbləği müəyyən edilib. Amma ailə bu rəqəmlə razılaşmır.

Şikayətçi Şəkər Kazımova deyir ki, məhkəmədə onların razılığı olmayan bir qiymət tərtib olunub: “Bəli, xəbərdarlıq edilib, məhkəmə də olub. Gedib məhkəmədə iştirak da eləmişik. Sadəcə olaraq məhkəmədə bizim razılığımız olmayan bir qiymət tərtib olunub. “Lux Residence” tikinti şirkəti o qiymətə bizi evdən məcburi şəkildə çıxartmağa çalışır. 475 min 200 manat evimizin dəyərindən aşağı bir qiymətdir. Mən o qiymətə razı deyiləm. Evdən çıxmaq istəmirəm, amma onlar məni məcburi şəkildə çıxartmağa çalışırlar. Mənim tələb etdiyim qiymət 1 milyon yarımdır”.

Bir tərəfdə ailənin razılığı olmadığı məbləğ, digər tərəfdə isə artıq qüvvədə olan məhkəmə qərarı var. Sakinlər qərarla müəyyən edilən məbləğlə evdən çıxmaq istəmir. Şikayətçilər deyir ki, söhbət sadəcə daş divardan getmir. Bura illərdir yaşadıqları, ata-babadan qalan mülkdür.

“Lux Residence”in hüquqşünası Saleh İskəndərov bildirib ki, qiymət də məhkəmənin dövründə aparılmış ekspertiza nəticəsində müəyyən olunub: “Hansı ki, cavabdehin 80 kvadratlıq evi və 70 kvadratlıq yarımtikilisi var. Buna uyğun qiymət müəyyən olunub və həmin məbləğin də 20 faiz artığı təklif edilib. Yasamal Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsində məsələyə baxılıb, qətnamə dəyişdirilmədən saxlanılıb. Mart ayından etibarən məlumatlıdır ki, qətnamə icra olunmalıdır. Lakin bu günə qədər müxtəlif bəhanələr gətirərək icra eləmir və şirkətdən ümumilikdə milyon yarım kompensasiya tələb edir. Yəni mənzilə çöldən müşahidə apardıqda da, mənzilin təmirinə, ölçüsünə baxdıqda da milyon yarım, əlbəttə ki, əsassız bir tələbdir. Sadəcə vətəndaş belə deyək, əsassız varlanmaq niyyətindədir”.(Real TV)

Daha ətraflı videosüjetdə:

VİDEO LİNKDE : https://ajans.az/news/70617/lux-residence-den-novbeti-sikayet-meni-mecburi-cixarmaga-calisirlar

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər