“Keçmiş Prezident Mixeil Saakaşvili bütün müxalifətin nüfuzunu itirdiyini, artıq heç kimin ona dəstək vermədiyini bilir, buna görə də Gürcüstanı ABŞ ilə hədələyir”.
Mer bildirib ki, Saakaşvilinin “ABŞ Gürcüstanda hər şeyi yoluna qoyacaq” sözləri agentlərin necə fəaliyyət göstərdiyinin ən yaxşı nümunəsidir:
“Bu, agent fəaliyyətinin ən yaxşı nümunəsidir. Saakaşvili bilir ki, gürcü xalqı ona dəstək verməyəcək. Bütün müxalifət nüfuzunu itirib. Buna görə də gürcü xalqını ABŞ ilə hədələyir. ABŞ ilə münasibətlərdə nəyi korlamışıq? Biz hər şey barədə tam açıq danışırıq, gizlədəcək heç nəyimiz yoxdur.
Açıq şəkildə bəyan etmişik ki, Bayden administrasiyasının Gürcüstan dövlətinə qarşı nümayiş etdirdiyi ədalətsiz münasibəti Tramp administrasiyası öz addımları ilə düzəldə bilər. Münasibətlərə yeni səhifədən başlamağa hazırıq. Saakaşvilinin bəyanatı isə agentin necə fəaliyyət göstərdiyinin tipik nümunəsidir.
Ümumiyyətlə, “Vahid Milli Hərəkat”ın fəaliyyətləri məni maraqlandırmır, onlar adi agentlərdir. Görürsünüz ki, cəmiyyətdə onların heç bir dəstəyi yoxdur. Sən və siyasi komandan xarici ölkəyə xidmət edib agent şəbəkəsinin bir hissəsi olursansa, öz ölkəndə necə uğur qazana bilərsən? Belə siyasətçilərin və partiyaların bu ölkədə heç bir uğuru olmayacaq”.
Kaxa Kaladze əlavə edib ki, müxalifətin birləşməsi mümkün deyil:
“Bir neçə ay əvvəl siyasi platforma yaratmışdılar. Həmin vaxt da demişdik ki, bu birlik müvəqqətidir. Buna bənzər halları əvvəlki illərdə də görmüşük”.
Bakunews.tv