Bakının Xəzər rayonunun Qala qəsəbəsində dövlətə məxsus torpaq sahəsində qanunsuz tikinti aparan N. İsayev məhkəmənin hökmü ilə cəzalandırılıb.
Qaynarinfo xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə (torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti işlərinin aparılması) təqsirli bilib.
İttihama görə, N. İsayev 2026-cı ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 221-ci Qala küçəsində yerləşən dövlətə məxsus torpaq sahəsində qanunsuz tikintiyə başlayıb. O, 0,0025 hektar, yəni 25 kvadratmetr ərazidə 12 daş hündürlüyündə qeyri-yaşayış obyekti inşa edib.
Məhkəmədə ifadə verən İsayev bildirib ki, 2013-cü ildə Qala qəsəbəsində 3 sot torpaq sahəsini adını xatırlamadığı şəxsdən 3 min manata alıb. Həmin vaxt ona torpaqla bağlı heç bir sənəd təqdim edilməyib. Daha sonra ərazidə 65 kvadratmetrlik, üçotaqlı ev tikərək yaşamağa başlayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaşadığı torpaq sahəsinin qarşısında, yol kənarında yerləşən boş ərazidə gözəllik salonu tikmək qərarına gəlib. Tikintiyə başlamazdan əvvəl heç bir dövlət qurumuna müraciət etmədiyini və icazə almadığını etiraf edib.
O, 2026-cı ilin yanvarında tikintiyə başlayaraq obyektin çöl divarlarını hörüb. Daha sonra əraziyə gələn Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri qanunsuz tikinti ilə bağlı akt tərtib ediblər. İsayev əsəbiləşdiyi üçün aktı imzalamaqdan imtina edib.
İş materiallarına əsasən, növbəti gün Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları da əraziyə baxış keçirərək qanunsuz tikilinin sökülməli olduğunu bildiriblər. İsayev tikilinin sökülməməsi üçün əməkdaşlara “şirinlik” verməyi təklif etdiyini də məhkəmədə söyləyib. Lakin onun sözlərinə görə, əməkdaşlar bu təklifdən imtina ediblər.
Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmədə bildirib ki, monitorinq zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində müvafiq hüquq və icazələr olmadan tikinti aparılması aşkarlanıb. Faktla bağlı akt tərtib olunub və aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib.
Məhkəmənin hökmü ilə Namiq Səməd oğlu İsayev 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 4 gün təyin olunmuş cəzadan çıxılıb. Nəticədə onun üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Bakunews.tv