Gündəm / Siyasət
0
Bu gün, 11:32

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib.

-Hörmətli İlham Heydər oğlu, Özbəkistana bir daha xoş gəlmisiniz. Bizim hər bir görüşümüz tarixdir. Bugünkü səfər də tarixidir. Bu gün bütün istiqamətləri, hər bir layihəni çox dəqiqliklə nəzərdən keçirdik və İlham Heydər oğlu olduqca ciddi dəstək verdi. Biz yeni Yol Xəritəsini qəbul etdik, ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq barədə razılıq əldə etdik. Əlbəttə, bu, son hədd deyil.

Əziz dostlar, Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir. Biz görülən işlər və iki liderin iradəsi sayəsində nələrə nail olduğumuz barədə özümüzə daim hesabat verməliyik. Bu, qısa müddətdə əldə olunan böyük nəticədir. İlham Heydər oğluna dedim ki, 27 il aramızda heç bir nəticə olmayıb. Başa düşənlər bunu anlayır. Beləliklə, bu gün ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yeni səhifə açırıq. Qardaş Azərbaycanın nailiyyətlərinə səmimi-qəlbdən heyranıq. Hörmətli İlham Heydər oğlu, Azərbaycan Sizin rəhbərliyiniz ilə ölkənin inkişafında və beynəlxalq arenada böyük uğurlar qazanır. Yaxın dost, yaxın qonşu və müttəfiq olaraq, biz həmişə bu nəticələrə sevinirik. Siz ölkənin ərazi bütövlüyünü bərpa etməklə bir daha xalqınızı birləşdirdiniz. Siz dahi atanız, hörmətli Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz, onun müdrik vəsiyyətlərini, arzularını və istəklərini ardıcıl olaraq həyata keçirirsiniz. Azərbaycana səfərlərim zamanı şəxsən Qarabağda baş verən böyük dəyişikliklərin və bölgənin dinamik inkişafının şahidi oldum. Həmişə deyirəm ki, Azərbaycan bizim yaxın, etibarlı, zamanın sınağından çıxmış dostumuz və tərəfdaşımızdır.

Əsrlərdən bəri iki ölkənin xalqlarını qardaşlıq münasibətləri, ortaq tarix və din, oxşar mədəniyyət, dil və adət-ənənələr birləşdirir. İlham Heydər oğlu, Siz Özbəkistanla çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə vermisiniz. Siz ölkələrimiz arasında müttəfiqliyin ön sıralarında olmusunuz.

Əminəm ki, Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək. Bu gün ölkəmizin əsl dostu olan Sizə bu nüfuzlu mükafatı - ən yüksək dərəcəli “Dostluq” ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir. Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram. Bilirsiniz, bunun baş verməsi məni çox sevindirir. Fərmanı məmnunluqla imzaladım, bu günün gəlib çatması ilə fəxr edirdim. İlham Heydər oğlu, Sizi bu münasibətlə təbrik edirəm. Bu, Özbəkistan dövlətinin ən yüksək ordenidir və Siz əmin ola bilərsiniz ki, buna layiqsiniz. Təbrik edirəm.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər