Təhsil / Bölgə
4
Bu gün, 12:12

ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR

İmişli şəhəri, Dədə Qorqud küçəsi, ev 45 ünvanında yaşayan Yusubova Ceyran Həbib qızı "Gündəm Xəbər" qəzetinin redaksiyasına müraciət edərək, rayon sakini Gülməmmədova (Ağayeva) Ulduz İntiqam qızı tərəfindən böyük məbləğdə dələduzluğa məruz qaldığını bildirib.
İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində mama vəzifəsində çalışan və eyni zamanda fərdi tibbi xidmətlərlə dolanışığını təmin edən Ceyran Yusubovanın sözlərinə görə, Ulduz Gülməmmədova ilə tanışlığı 2020-ci ilin sonlarına təsadüf edir. Ulduzun ayağı amputasiya olunmuş qaynanası Rəfiqəyə tibbi xidmət göstərərkən aralarında səmimi münasibət yaranıb. Ceyran xanım Bakıda oğlu Alim üçün ev almaq arzusunda olduğunu bildirəndə, Ulduz ona "yardım etmək" adı ilə əvvəlcə lotereya oyununa qoşulmağı təklif edib.

Mənzil xəyalı, yalançı bonuslar və böyüyən tələ

Lotereya bəhanəsilə başlayan pul alverləri tezliklə daha böyük "şirkət yatırımı" təklifi ilə əvəzlənib. Ulduz Gülməmmədova guya fəaliyyət göstərən bir şirkətə 5000 manat yatırım etməklə qısa müddətdə böyük gəlir əldə olunacağını, 100 000 manatlıq həddə çatdıqda isə Bakı şəhərində 2 otaqlı mənzil, qızıl-zinət əşyaları və əlavə bonuslar veriləcəyini vəd edib. Şirkətin adı və fəaliyyət növü barədə sorğulara isə müxtəlif bəhanələrlə cavab verməkdən yayınsa da, Ceyran xanımı və ailəsini şirnikləndirməyi bacarıb.
ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR

Zərərçəkənin bildirdiyinə görə, 2021-ci ilin may ayından etibarən övladlarının da dəstəyi ilə (hətta oğlu Alimin "Mercedes-Benz" markalı avtomobilini sataraq və bankdan kredit götürərək) hissə-hissə Ulduz Gülməmmədovaya ümumilikdə 68 100 manat pul təhvil verilib. Pulla yanaşı, Ulduzun tələbi ilə ailə üzvlərinin (oğlu Alim, gəlini Fəridə və qızı Alimə) şəxsiyyət vəsiqələri də guya şirkətdə hesab açmaq üçün ona təqdim edilib.

Aldadıldığını yalnız 2023-cü ilin yanvar ayında başa düşən Ceyran Yusubova pulunu tələb etdikdə Ulduz müxtəlif bəhanələrlə vaxtı uzadıb. 2023-cü ilin noyabr ayında hazırda dünyasını dəyişmiş müstəntiq Elgünün vasitəsilə 7000 manat qaytarılsa da, qalan 61 100 manat mənimsənilmiş olaraq qalır.

Hüquq-mühafizə orqanlarının müəmmalı mövqeyi və müstəntiqlərin "karuseli"

Ceyran Yusubovanın gundemxebertv-yə şikayət məktubunda ən diqqətçəkən məqam yerli hüquq-mühafizə orqanlarının və vəkillərin nümayiş etdirdiyi mövqedir. Şikayətçi bildirir ki, təxminən 5 ilə yaxın müddətdə İmişli Rayon Prokurorluğu və Polis İdarəsinin müstəntiqləri arasında "əsir-yesir" qalıb:

Müstəntiqlər (Elgün, Samət Məmmədov, Tusi Məhərrəmov, Allahverdi) dəfələrlə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edib, rayon prokuroru Valeh Səmədov isə bu qərarları ləğv edərək işi yenidən araşdırmaya göndərib. Lakin hər dəfə proses eyni nəticə ilə yekunlaşıb.

Şikayətçinin dediyinə görə, izahatlar alınarkən təqdim edilən şahidlərin adları qəsdən qeydə alınmayıb.

Müstəntiq Tusi Məhərrəmov tərəfindən çağırılaraq Ulduzdan alınan 3000 manatın qaytarılması təklif edilsə də, pulun 500 manatının "xidmət haqqı" kimi saxlanılmaq istənməsi narazılığa səbəb olub. Oğlu Alimin DİN-in "102" xidmətinə müraciətindən sonra məsələ ört-basdır edilib və pulun aqibəti qaranlıq qalıb.

Şikayətçinin müdafiəsini quran vəkillər (Fəyyaz və Fazil İbrahimov) məsələnin həllinin onların gücü xaricində olduğunu etiraf edərək müqaviləni ləğv edib və ödənilən pulun bir hissəsini geri qaytarıblar.

Ali makiyaj, QHT pərdəsi və dövlət rəhbərliyinə müraciət

Araşdırmalar zamanı Ulduz Gülməmmədovanın İmişli şəhəri, H. Aslanov küçəsində gözəllik salonu işlətdiyi və gəlinlik geyimlərinin icarəsi ilə məşğul olduğu, eyni zamanda özünü "vəzifəli şəxslərin xanımlarının ustası" kimi təqdim edərək arxasında arxayınlıq yaratdığı ortaya çıxıb. Zərərçəkən ailənin araşdırması nəticəsində məlum olub ki, vəd edilən "şirkət" əslində bir Qeyri-Hökumət Təşkilatıdır (QHT). Hətta şikayətçi tərəfindən məsələ qaldırıldıqdan sonra Ulduzun tapşırığı ilə 8 saylı Ərazi Vergilər Baş İdarəsinə Ceyran Yusubova haqqında "sələmçi" olması barədə yalan şikayət də verilib, lakin izahatlar zamanı bunun böhtan olduğu sübuta yetirilib.

Ceyran Yusubova üzləşdiyi bu böyük haqsızlıq və hüquqi bürokratik maneələrlə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına rəsmi müraciət ünvanlayıb.

Zərərçəkən ana ölkə rəhbərliyindən və hüquq-mühafizə orqanlarının rəhbərlərindən işin xüsusi nəzarətə götürülməsini, obyektiv təftiş aparılaraq Ulduz Gülməmmədovanın əməllərinə hüquqi qiymət verilməsini və dəymiş 61 100 manatlıq ziyanın ödənilməsini xahiş edir.(Gundemxebertv.com)

Yazıda adı çəklən şəxslərin hər birinin mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.

Ardı var...


Bakunews.tv
Son xəbərlər