SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » "İslahat adı altında hüquqlarımız tapdalanır" - ETİRAZ VAR...

"İslahat adı altında hüquqlarımız tapdalanır" - ETİRAZ VAR...

03.11.2026 16:17 2
NDU rəhbərliyinin müəllimləri aldadaraq işdənçıxma ərizəsi yazdırdığı bildirilir. Söhbət bir müddət əvvəl NDU-ya birləşdirilən Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşlarından gedir.
“Gündəlik Naxçıvan”a kollektiv müraciət edən müəllimlərin sözlərinə görə, oktyabrın 30-da onlardan “öz istəkləri ilə” işdən çıxmaq barədə ərizə alınıb. Onlara noyabrın 2-də yenidən işə götürüləcəkləri vəd edilsə də, indi əvvəlki ştatları əvəzinə yalnız saat hesabı iş təklif olunur. Müəllimlər bunun maaşlarını əhəmiyyətli dərəcədə azaldacağını və əmək təminatlarını zəiflədəcəyini bildirirlər.

Müəllimlər yenidən təşkilin onların işsiz qalması ilə nəticələnməsinə etiraz edirlər:

“Oktyabrın 30-da hamımızı məcbur ediblər ki, öz istəyimizlə işdən çıxmaq barədə ərizə yazaq. Dedilər ki, noyabrın 2-də sizi yenidən işə götürəcəyik. İndi isə deyirlər ki, yalnız saat hesabı götürəcəyik. Hazırda əmək müqavilələrimizə xitam verilib, amma bizi işə qəbul etmirlər”.

Kollektiv universitetin institutun öhdəliklərini də üzərinə götürdüyünü xatırladır:

“Nazirlər Kabinetinin qərarı ilə institutun bütün hüquq və öhdəlikləri universitetə keçib. Müəssisənin yenidən təşkili bizim əmək hüquqlarımızın aradan qalxması demək deyil. Əmək münasibətlərimizin hansı hüquqi əsasla dayandırıldığı açıqlanmalıdır. Biz heç bir islahatın əleyhinə deyilik, amma islahat adı altında hüquqlarımız tapdalanmamalıdır”.

Müraciətdə yaranmış qeyri-müəyyənliyin müəllimlərin ailələrinə də təsir etdiyi vurğulanır:

“Tədris prosesi davam etdiyi bir vaxtda illərlə pedaqoji fəaliyyət göstərmiş müəllimlərin əmək taleyini qeyri-müəyyən vəziyyətə salmaq nə dərəcədə ədalətlidir? Hər birimizin gündəlik yaşayış xərcləri, kredit borcları, ailə öhdəlikləri var. Müəllim də ailəsini dolandıran, övlad böyüdən insandır. İş yerimizi və gələcək təminatımızı aydın izahat vermədən təhlükə altına atmasınlar. Əmək hüquqlarımızın qorunmasını istəyirik”.


Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?